Ötən həftə Təbriz bazarında keçirilən əməliyyat zamanı həbs olunan tacirlərin yeri barədə hələ də açıqlama verilməyib. Ancaq onların ETTELAAT-a məxsus Təbrizdəki təcridxanada saxlanıldığı güman olunur.

Bu barədə məlumat verən GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının sözlərinə görə, tacirlərə qarşı konkret ittihamlar irəli sürülməsə də, onların hərəkatla yaxınlıqda və bölücülükdə günahlandırılacağı istisna edilmir. A.Qaradağlının verdiyi digər məlumatda bildirilir ki, may hadisələrinin ildönümünə iki gün qalmış ETTELAAT tərəfindən həbs edilən hərəkat fəalı Çəngiz Bəxtavər barəsində hökm çıxarılıb. Qeyd edək ki, həbsdə saxlandığı iki ay ərzində hərəkatçıya qarşı ittihamlar açıqlanmamışdı. 20 gün əvvəl isə onunla bağlı keçirilən qapalı məhkəmənin sonunda hakimin qərarı elan olunmamışdı. İki gün əvvəl nəhayət, məhkəmə qərarı açıqlanıb. Ölkə əleyhinə təbliğat aparmaqda, bölücülükdə ittiham olunan Ç.Bəxtavərə 15 aylıq həbs cəzası verilib. Eyni zamanda Təbriz İnqilab Məhkəməsi 6 il ərzində onun ölkədən çıxmasını yasaqlayıb.
Cavid TURAN