Bəylər Əyyubovla Nazim Ibrahimov toqquşur
DAK-ı komitə sədrinin nəzarətindən çıxarırlar
Hakimiyyət daxilində Dünya Azərbaycanlılarının Konqresini ələ keçirmək üçün qızğın mübarizə başlayıb. Doğrudur, adından belə görünür ki, bu konqres xüsusi əhəmiyyətli bir yer, yəni, koorrupsiya mənbəyi deyil. Ancaq bu, kənardan görüntüdür. Əslində, DAK-ın adı altında dünyada Azərbaycan lobbisini gücləndirmək bəhanəsilə külli miqdarda pullar silinir.
Həmçinin bu elə sahədir ki, orada xüsusi olaraq pulların hesabatı aparılmır. Digər tərəfdən DAK-ın özüylə bağlı özəl və məxvi məqamlar var ki, biz onlara toxunmuruq. Və kifayət qədər diqqətçəkən yer olan DAK-a hazırda Xaricdə Yaşayan Azərbaycanlılarla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov nəzarət edir.
Dünən isə redaksiyamıza verilən məlumata görə, ölkə başçısının şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov DAK-ı nəzarətinə keçirmək istəyir. Bunun üçün artıq lazımi kadrlar da tapılıb. Belə ki, Əyyubovun Ismayıl Ağayev adlı şəxsi DAK-a üzv seçdirdiyi vurğulanır. Indi isə onu DAK-ın Bakı Bürosuna rəhbər gətirmək istəyirlər.
Ismayıl Ağayevlə bağlı vurğulanır ki, o, Qərbi Azərbaycanın Sisiyan rayonundandır. Bəzi şəxslər hətta onun PKK-ya rəğbəti olduğunu deyirlər. Məhz buna görə də Ağayev xüsusi imtiyaz sahibidir. Halbuki, bir müddət əvvəl o, məhbəsdə yatıb. Xəbərə görə, Ismayıl Ağayev bir neçə il əvvəl Xızı rayon Polis Şöbəsinin rəisi işləyib. Sonradan adam oğurluğunda suçlu bilinərək 10 il azadlıqdan mərhum edilib. Amma cəzasını başa çatdırmamış hansısa “sehrli əl” onu xilas edib. Ağayev xilasdan sonra Səbayel rayon Bələdiyyəsində torpaq şöbəsinə rəhbərlik etməyə başlayıb.
Qeyd olunur ki, əslində, o, bələdiyyə üzvü deyilmiş. Sadəcə, “sehrli əl” onu bələdiyyədə işlə təmin edib. Burda da əsas məqsəd onun reputasiyasını “təmizə” çıxarmaq olub. Bundan sonra isə Ismayıl Ağayevin vasitəsilə DAK-a xüsusi adamlar yerləşdirməklə yanaşı, bəzi şəxsləri ələ almağa başlayıblar. Bu prosesin tərkib hissəsi olaraq DAK idarə heyətində Eldar Qaradağlı adlı şəxslə işbirliyi qurulub. Azərbaycan vətəndaşı olmadığına görə, Qaradağlıya Səbayel bələdiyyəsindən başqa bir şəxsin adına sənədləşmiş torpaq sahəsi pay edilib. Indi isə Ismayıl Ağayevi DAK-ın Bakı Bürosuna rəhbər təyin etməyə çalışırlar. Orta təhsili olmadığı bildirilən Eldar Qaradağlı həm də DAK-ın Idarə Heyətinin üzvüdür. Plan belə qurulub ki, Ismayıl Ağayev DAK-ın Bakı Bürosunun rəhbəri təyin edilir. Ardınca digər ölkələrdəki büroları nəzarətə keçirib Eldar Qaradağlını DAK-a sədr seçirlər. Bununla da Qulamrza Təbrizi yola salınır. DAK Bəylər Əyyubovun adamlarının nəzarətinə keçir.
Hazırda bununla bağlı ciddi mübarizə gedir. Biz isə məsələnin mahiyyətini daha yaxşı açmaq üçün DAK-la bağlı araşdırmalarımızı davam etdirəcəyik.
Informasiya şöbəsi