Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının dördüncü iş günündə, qurumun mədəniyyət, elm və təhsil komitəsinin növbəti yığıncağında Azərbaycanın mədəni irsi ilə bağlı mövzu gündəmdə olub. Qaynar.info "Azərtac"a istinadən xəbər verir ki, komitənin üzvü, Azərbaycan nümayəndə heyətinin təmsilçisi Rafael Hüseynov çıxış edərək ermənilərin Azərbaycanın mədəni irsinə qarşı son 20 ildə intensiv şəkildə apardığı təcavüzkar siyasətdən bəhs edib. O bildirib ki, 2001-ci ildən etibarən Azərbaycan nümayəndə heyəti ermənilərin həm Dağlıq Qarabağ, həm də işğal altındakı daha 7 rayonda, eləcə də azərbaycanlıların vaxtilə yığcam yaşadıqları Ermənistan torpaqlarında olan mədəni sərvətlərinin ermənilər tərəfindən mənimsənilməsi və dağıdılması ilə əlaqədar onlarca sənəd hazırlanmış və çoxsaylı çıxışlar edib. Bununla əlaqədar AŞPA-da iki xüsusi məruzə də hazırlanıb.
Deputat qeyd edib ki, Parlament Assambleyasında qəbul olunmuş qaydalara görə ayrı-ayrı komitələrdə bütün müvafiq mövzular üzrə çıxışlar, müzakirələr aparılmalıdır. Hazırlanan sənədlərin fərdi qaydada yayılması qanunla qadağan edilib. Hazırlanmış sənədlər, təqdim olunmuş kasetlər, disklər və digər materiallar yalnız AŞPA katibliyinin xətti ilə yayıla bilər. Lakin ötən sessiyada erməni nümayəndə heyətinin üzvləri AŞPA prosedurlarını pozaraq Azərbaycan həqiqətlərini təhrif edən bir sıra diskləri müstəqil şəkildə avropalı deputatlar arasında yayıblar.
Azərbaycan nümayəndə heyəti bununla əlaqədar ötən sessiyada AŞPA rəhbərliyinə müraciət edib. Parlament Assambleyasının rəhbərliyi də öz növbəsində Ermənistan nümayəndə heyətinə və bu ölkənin Avropa Şurası yanındakı daimi nümayəndəliyinə rəsmi məktub yazaraq qanuna zidd olan belə hərəkətləri bir daha təkrarlamamağa çağırıb.
Azərbaycanlı deputat komitə iclasında deyib: “Ötən dəfə AŞPA rəhbərliyinin ermənilərə müraciət etməsinə baxmayaraq, bu sessiyada da onlar tərəfindən növbəti qanun pozuntularının şahidi olduq. Erməni deputatlar AŞPA-nın xüsusi zərflərini əldə edərək onların içərisinə iki disk qoyublar. Hər biri 10 dəqiqəlik videofilmlərdən ibarət bu disklərdə Azərbaycanla bağlı həqiqətə uyğun olmayan və faktları təhrif edən böhtan səciyyəli materiallar əksini tapıb. Onlardan biri guya 1990-cı ildə ermənilərə qarşı Bakıda törədilmiş soyqırımından bəhs edir və orada da əsas etibarilə Bakıda azərbaycanlılara qarşı törədilmiş faciənin kadrları erməni soyqırımı kimi təqdim olunur. Digər diskdə isə “XXl əsrin vandalları” adlanan material yerləşdirilmişdir. Orada guya azərbaycanlıların erməni qəbirlərini dağıtması barədə yalan məlumatlar əks olunur. Biz Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisindəki Cuğa qəbiristanlığında tarixən alban dövrünə aid abidələrin və qəbirlərin olduğunu yazmışdıq. Vaxtilə ermənilər həmin qəbir daşlarının bir neçəsini oğurlayaraq Ermənistana aparmışlar və bu daşlar indi də Eçmiədzində saxlanmaqdadır. Sonradan nəşr edilmiş erməni kitablarında həmin baş daşları erməni abidələri kimi göstərilib. Bu, qətiyyən ermənilərə aid olmayan abidələrdir. Əslində Azərbaycanın mədəni irsinin nümunəsidir və Azərbaycanın bəzi rayonlarında bu gün də müxtəlif alban qəbirləri qalmaqdadır”.
Rafael Hüseynov erməni nümayəndə heyətinin bu hərəkətinin AŞPA-nın qanun və prinsipləri ilə daban-dabana zidd olduğunu bildirmiş, komitə iclasında iştirak edən AŞPA katibliyinin təmsiçilərini də bu istiqamətdə təsirli tədbirlər görməyə çağırıb.
Komitə sədri Böyük Britaniyadan olan deputat Əndru Makintoş bu hadisəyə son dərəcə təəssüfləndiyini bildirib və belə halların ümumi iş prinsipləri ilə uyğun gəlmədiyini söyləyib. O bildirmişdir ki, həm AŞPA rəhbərliyinə rəsmi müraciət edəcək, həm də mədəniyyət, elm və təhsil komitəsinin növbəti yığıncağında, eləcə də komitəyə daxil olan mədəni irs üzrə alt komitənin toplantısında bu məsələ ilə bağlı ciddi müzakirələrin keçirilməsinə çalışacaq.
Azərbaycanlı deputatın çıxışı artıq öz müsbət təsirini verməyə başlayıb. AŞPA-nın departament müdiri, komitə iclasında Assambleya katibliyi və rəhbərliyinin təmsilçisi kimi iştirak edən Roberto Fasino məsələni dərhal diqqətə götürüb, qurumun prosedurlar və immunentlər üzrə komitəsi artıq konkret araşdırmalara başlanılıb.