“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda dəyişdirilmiş tarixi kənd adlarının bərpası ilə əlaqədar Gürcüstan prezidenti Mixail Saakaşviliyə və Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzeye müraciət göndərib. Artıq bir qrup ziyalının təşəbbüsü ilə imzatoplama kampaniyası başlayıb. Bu məqsədlə 2000-ə yaxın imza toplanıb. Kampaniya davam edir. Cəmiyyətdən verilən məlumata görə, yaxın müddətdə ziyalıların təşəbbüsü ilə toplanmış imzalar Gürcüstanın Prezident Aparatına təqdim olunacaq.
Z.Məmmədli nümayəndə heyəti ilə birgə yanvarın 25-də Gürcüstanın Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, görkəmli ziyalı Valeh Hacıyevin dəfn mərasimində iştirak edib. Mərhum Bolnisi rayonu, Darvaz kəndində dəfn edilib. Minlərlə insanın iştirakı ilə törən olub, xatirə mitinqi təşkil edilib. Yanvarın 31-də isə cəmiyyətin təşkil etdiyi “Qərbi Azərbaycan - işğal olunmuş qədim türk torpaqları” mövzusunda elmi-praktiki tədbir keçiriləcək. Tədbirdə Qərbi Azərbaycandan olan ziyalılar, “Borçalı” Cəmiyyətinin üzvləri, media mənsubları iştirak edəcək. Tədbirə qatılmaq istəyənlər cəmiyyətə müraciət edə bilər.
Leyla İLQAR
MUSAVAT