İranın Yaponiyadakı səfirliyinin məsləhətçisi Əbülfəzl İslami 2009-cu ilin iyununda keçirilən prezident seçkisindən sonra iranlı müxaliflərə qarşı güclənən repressiyalara etiraz olaraq tutduğu vəzifəsini tərk etdiyini və bir daha İrana qayıtmayacağını bəyan edib.
Mətbuatda yayılan məlumatına görə, Ə.İslami mediaya açıqlamasında deyib ki, Yaponiya hökumətindən siyasi sığınacaq istəsə də, hələlik onun yalnız vizasının vaxtı uzadılıb: “İran Yaponiyaya təzyiq edir ki, məni geri qaytarsınlar. İrandan gələn nümayəndə heyəti hətta mənə vəd edib ki, ölkəyə qayıtsam, bağışlanacam və hətta səfirlikdə işimi davam etdirə də biləcəm. Lakin mənim mənfi cavabımı eşitdikdən sonra xəbərdarlıq ediblər ki, Yaponiyada çox səs-küy salsam, sərt müsahibələr versəm, ailə üzvlərimi incidəcəklər. Mən Yaponiya hökumətinə İrana nəyə görə qayıda bilməyəcəyimi izah etmişəm. Onlar isə mənim hələlik yalnız viza müddətimi uzadaraq bu ölkədə müvəqqəti qalmağıma icazə veriblər”.
Ə.İslami son aylarda İranda dinc aksiyalar zamanı vətəndaşlara qarşı yönələn təzyiqlərdən, repressiyalardan narahat olduğunu bəyan edib: “Mən 25 il İran Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışam. Qətiyyətlə deyə bilərəm ki, bu nazirlikdə çalışanların çoxu mövcud vəziyyətdən narahatdır. Mənim bu təşəbbüsümdən sonra onların çoxu elektron poçtla məktub göndərərək mənə dəstək veriblər. Onların əksəriyyəti mənim kimi hərəkət etmək istəyir, ancaq bir az ehtiyatlanırlar. Çünki İranın Kəşfiyyat işləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları diplomat adı altında hər yerdə onlara nəzarət edirlər. Buna baxmayaraq İran diplomatlarının çoxu hələlik gözləyir və sabah nə olacağını düşünürlər. Elə buna görədir ki, İranın xarici ölkələrdəki səfirliklərində çalışan diplomatların əksəriyyəti maaş kimi aldıqları pulları ölkəyə gətirməkdən çəkinir, xarici ölkələrdəki bank hesablarına köçürürlər”.