GÜNEY AZƏRBAYCANDA MƏŞRUTƏ İNQİLABI ANILDI

8/14/2007


GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlıdan aldığımız məlumata görə, hərəkatçı ilə görüş izni bugünədək heç kəsə verilməyib



Güney Azərbaycanın milli hərəkatçılarına qarşı basqılar davam edir. Germi şəhərinin milli fəallarından biri, iki aya yaxındır Ərdəbildəki ETTELAAT bölməsində saxlanılan Məsud Sultani 7 saylı Ərdəbil zindanına göndərilib.
GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlıdan aldığımız məlumata görə, hərəkatçı ilə görüş izni bugünədək heç kəsə verilməyib. Hərəkatçının həm fiziki, həm də mənəvi işgəncələrə məruz qaldığı bildirilir. Germi şəhərində yaxalanan M.Sultani ilə bağlı qapalı keçirilən məhkəmənin hökmü bəlli deyil. A.Qaradağlı M.Sultaninin dəfələrlə Azərbaycan Respublikasına gəlib-getdiyini bildirdi. Güman olunur ki, o da Azərbaycanın quzeyinə gəlib-getdiyinə görə həbs edilib. Ona qarşı irəli sürülən ittihamların arasında casusluq və dövlət əleyhinə təbliğat aparmaqla bağlı maddələrin olması da buna işarədir.
Təbriz universitetlərinin bəzi hərəkatçıları Məşrutə hərəkatının ildönümüylə bağlı Savalan dağına yürüş ediblər. Qeyd edək ki, milli sərdar Səttarxanın rəhbərliyi ilə 1905-06-cı illərdə baş vermiş, lakin sonradan şah rejimi tərəfindən boğulmuş Məşrutə inqilabı hər il Güneydə yüksək səviyyədə qeyd olunur. Bu dəfə də tələbələr Savalan dağının yüksəkliklərində vətənpərvərliyə aid musiqi və şeir söyləyib, milli mahnılar oxuyub və bəzi siyasi çıxışlar ediblər. Savalan dağına gəzintiyə gələn digər insanlar, turistlər, o cümlədən alpinistlər də bu tədbirlərə qoşulublar. Dağın zirvəsində milli marşı oxuyan hərəkatçıların tədbiri sakit məcrada davam edib və hər hansı müdaxilə olmayıb.
Bu il fevralın əvvəllərində Urmiya şəhərində yaxalanan şair-yazıçı və jurnalist Mühəndis İbrahim Rəşidi Urmiyanın inqilab məhkəməsində iğtişaş yaratmaqda və dövlət əleyhinə təbliğatda ittiham olunaraq 5 aylıq həbs cəzasına məhkum edilib. Xatırladaq ki, Xiyav şəhərindəki universitetin məzunu olan jurnalist 1998-2001-ci illərdə dəfələrlə yaxalanıb və ETTELAAT-ın təkkameralı bölmələrində işgəncələrə məruz qalıb. 2006-cı ilin mart ayının axırlarında isə Əhərdə yaxalanaraq bir ay işgəncələr altında saxlanılıb. Ancaq BMT-nin İnsan Hüquqları Komitəsinin təzyiqləri nəticəsində azadlığa buraxılıb. O, tələbəlik dövründə “Baxış” və “Oyanış” dərgilərinin yazarlarından biri olub. Artıq hər iki dərginin fəaliyyəti Urmiya Universitetinin rəhbərliyi tərəfindən dayandırılıb. 
Əmirabbas Bina Kazımi Təbrizdəki Sepah qüvvələrinin ETTELAAT bölməsinə aparılıb. Dörd gün işgəncələr altında saxlanıldıqdan sonra o, Təbriz həbsxanasına qaytarılıb. Azadlığa buraxılanlar hərəkatçının bədənində işgəncə və xəsarətlərin olduğu barədə yaxınlarına xəbər veriblər. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Bu arada bəzi hərəkatçılar, o cümlədən hərəkat liderlərindən olan Çəngiz Bəxtavər nəhayət ki, sərbəst buraxılıb. Çəngiz bəy 80 gün qanunsuz həbsdən sonra srağagün girov qoymaqla azadlığa çıxıb. Xatırladaq ki, Təbriz məhkəməsi ona 15 aylıq həbs kəsmişdi. Üstəlik hərəkatçıya 6 ay ölkədən kənara çıxmaq qadağan olunmuşdu. Ç.Bəxtavərə azadlıq havayı başa gəlməyib. Belə ki, o, 45 min dollar girov qoymağın müqabilində sərbəst buraxılıb. Qeyd edək ki, Çəngiz bəy may hadisələrinin ildönümü tədbirlərindən iki gün əvvəl həbs edilərək Təbriz zindanında və Tehranda “Evin” həbsxanasında saxlanmışdı. Ç.Bəxtavərdən əlavə, Hüseyn Rüstəmi 25 min, Qurbanəli Ənsari 20 min, Səttar Mirməhəmmədi isə 25 min dollarlıq girov müqabilində Təbriz həbsxanasından azadlığa buraxılıb. Ancaq təkcə Təbriz, Ərdəbil, Urmiya zindanlarında həbsdə çoxsaylı hərəkatçı saxlanılır. 100-dək milli hərəkatçının isə harada saxlandığı belə məlum deyil.
Cavid TURAN

.



Kaynak : musavat




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007