Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı xəstəxanaya düşüb. Artıq 5 gündür o, Vaşinqton xəstəxanasındadır. M.Çöhrəqanlı yüksək qan təzyiqindən və şəkər xəstəliyindən müalicə olunur. Bu barədə məlumatı 1news.az saytı yayıb. Məsələ ilə əlaqədar “Media forum” saytının əməkdaşı GAMOH-un Bakıdakı nümayəndəsi Ağrı Qaradağlıya müraciət edib.
A.Qaradağlı məlumatı təsdiqləyərək bildirib ki, artıq M.Çöhrəqanlının vəziyyəti stabilləşib: “Onun vəziyyəti ilə bağlı son məlumatı bir qədər əvvəl GAMOH fəalı Davud bəy Aslandan almışam. Bu gün həkimlər onu yenidən müayinə ediblər. Vəziyyəti nisbətən yaxşılaşıb. Lakin hələ 2-3 gün ona xəstəxanada qalmaq məsləhət görülüb.
Qaradağlının sözlərinə görə, Çöhrəqanlı bu xəstəliklərə hələ İranda olarkən tutulub: “Bu xəstəliklər fars rejiminin ona verdiyi işgəncələrdən miras qalıb.
A.Qaradağlı bildirir ki, M.Çöhrəqanlının ailəsi, bir sıra GAMOH üzvləri, eləcə də ABŞ-da yaşayan azərbaycanlılar onun yanındadır.
M.Çöhrəqanlı İranda iki dəfə həbs olunub. Məlumatlara görə, İran zindanlarındakı işgəncələr nəticəsində onun beyninə iki dəfə qan sızıb, 2006-cı ilin iyununda İstanbuldan, daha sonra Bakıdan deportasiya olunandan sonra isə bir kiçik infarkt da keçirib.
Çöhrəqanlı İranı 2001-ci ildə tərk edib. 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayıb. Hazırda ABŞ-da yaşayır.
