Ağrı Qaradağlı: "Onlar Azərbaycanın bölgədə mövcudluğunu istəmədiklərindən, istədikləri an münasibətləri gərginləşdirmək yolu tuturlar"
Qabil Hüseynli: "Azərbaycana qarşı onların etdiyi son hərəkətlər Tehranın beynəlxalq güclərin diqqətini öz üzərindən yayındırmaq niyyətindən irəli gəlir"
Son aylar heç bir əsas olmadan İran hökuməti Azərbaycanla münasibətləri gərginləşdirmək yolu tutub. Bunu Azərbaycanla bağlı orada baş verən bir sıra neqativ hadisələrdən də aydın görmək mümkündür. Belə ki, bu yaxınlarda cənub qonşumuzda bir sıra radikal qüvvələr Azərbaycanın Təbrizdəki konsulluğu önündə aksiya keçirərkən iki ölkə arasında münasibətləri korlamağa xidmət edən hərəkətlərə yol veriblər.
Xəbər verildiyi kimi, bu qüvvələr Azərbaycanın milli atributlarından olan bayrağı yandırıb, bundan başqa, konsulluğun binasını yumurta atəşinə məruz qoyublar. Bu hal isə heç də sivil mübarizə üsullarına uyğun deyil. Azərbaycana münasibətdə belə qərəzli mövqelər İranın bir sıra rəsmiləri tərəfindən də səslənməyə başlayıb. Bunu Tehranın İrəvandakı səfiri Əli Saqayanın dediklərindən də sezmək mümkündür. Belə ki, o, Ermənistan KİV-ə açıqlamasında Dağlıq Qarabağı İranla həmsərhəd dövlət kimi qələmə verib. Bu isə, birbaşa olaraq, İranın rəsmi şəxsi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmaması deməkdir.
Düzdür, Tehranın Bakıdakı səfiri Ermənistan Kütləvi İnformasiya Vasitələrində yuxarıda yazılan məlumatları təkzib edib. O, rəsmi Tehranın Dağlıq Qarabağ problemilə bağlı mövqeyinin dəyişməz olduğunu və bu fikrin İran prezidenti, xarici işlər naziri və ölkənin digər rəsmi şəxsləri tərəfindən dəfələrlə səsləndirildiyini bildirib. Qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu mövqe sonadək belə olacaq. Bundan əlavə, bir ay öncə İranda azərbaycanlı alim Rəşid Əliyev həbs edildi. Onun həbsinin də əsas motivləri bəlli deyil. Baş verən son hadisələr Tehran rəsmilərinin Qarabağla bağlı dediklərində səmimi olduqlarına şübhə yaradır. Bütün bunlar onu göstərir ki, Tehran hökuməti son zamanlar Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirmək yolu tutub. Bildiyimiz kimi, Dağlıq Qarabağ konfliktinin çözülməsi istiqamətində son dövrlər aktivlik xeyli artıb. Hələlik problemin həllində elə ciddi irəliləyiş olmasa da, cərəyan edən proseslər işin sürətləndiyindən xəbər verir. Bu isə, görünür, Tehranı qane etmir. Belə ki, konfliktin həlli istiqamətində nəzərdə tutulan məqamlardan biri də bölgəyə sülhməramlıların gətirilməsindən ibarətdir. Münaqişənin çözülməsilə ATƏT-in Minsk Qrupu məşğul olduğundan, gələcəkdə bölgəyə gətiriləcək sülhməramlı qüvvələrin tərkibinin özəyinin də məhz həmin qüvvələrdən ibarət olacağı istisna deyil. Bildiyimiz kimi, Minsk Qrupunun həmsədrləri arasında dominantlıq edənlərdən biri İranın düşməni olan ABŞ-dır. Görünür, Tehran rəsmiləri sülhməramlı qismində ölkəmizə gələcək qüvvələrdən İranla sərhəd bölgəsi istiqamətində məhz amerikalılarla, israillilərin dayana biləcəyi ehtimalından əndişələndiyindən, çalışır ki, Bakı ilə əlaqələr süni şəkildə gərginləşsin. Son günlər İranın uranın zənginləşdirilməsi istiqamətində atdığı addımlar da beynəlxalq ictimaiyyətin kəskin narazılığı ilə qarşılanıb. Bununla əlaqədar olaraq Tehran ətrafında halqanın daraldığı hiss olunur, ona qarşı müharibə çağırışları da artır. İranın Azərbaycanla münasibətləri bilərəkdən kəskinləşdirməsinin arxasında bu amil də dayana bilər. Çünki müharibə olacağı təqdirdə Amerikanın Azərbaycan səmasından istifadəyə cəhd edəcəyi də istisna deyil. İran rejimi isə buna imkan verməmək üçün bizimlə münasibətləri süni şəkildə gərginləşdirmək kursu götürür. Onlar bununla, guya Azərbaycanı hədə-qorxu altında saxlayacaqlarına əmindirlər. Süni gərginlik yaratmaqla onlar, ola bilsin, Azərbaycandakı həmfikirlərinə də ayağa qalmağın vaxtının yetişdiyi işarəsini verməyi nəzərdə tutublar.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Azərbaycandakı təmsilçisi Ağrı Qaradağlının fikrincə, Tehran rəsmiləri, süni şəkildə olmasa da, bəzi razılaşdırılmış müstəvidə Bakı ilə münasibətləri kəskinləşdirməyə meyllidir: "İran belə qələmə verir ki, hadisələrin başlanğıcında Bakıda peyğəmbərin ad günü ilə bağlı islamçıların keçirdiyi piketin dağıdılması və onlara zorakılıq göstərilməsi durur. Onlar isə Təbrizdəki konsulluqda piket keçirərək yolverilməz təhqirlərə yol veriblər. Düşünürəm ki, Tehran rejimi Azərbaycanla münasibətləri, süni şəkildə olmasa da, bəzi razılaşdırılmış əsaslarla gərginləşdirməyə meyllidir. Farslar həmişə ermənilərin tərəfində durub və bizim bir millət kimi mövcudluğumuzu inkar ediblər. İran bizə kartof-soğan satsa da, Ermənistana silah satır. Bu onu göstərir ki, Tehran rejimi Azərbaycanın varlığı ilə barışmaq istəmir. Onlar Azərbaycanın bölgədə mövcudluğunu istəmədiklərindən, istədikləri an münasibətləri gərginləşdirmək yolu tuturlar".
Politoloq Qabil Hüseynli də düşünür ki, İran Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirir: "Hazırda İran məngənədədir. Onlar Qərb ölkələrinin hədəfindədir. Bu ölkələr yaxınlarda İrana qarşı daha sərt, irimiqyaslı sanksiyalar tətbiq etmək niyyətindədir. Belə bir halda Tehran beynəlxalq güclərin diqqətini öz üzərindən yayındırmaq üçün müxtəlif vasitələrə al atır. Azərbaycana qarşı onların etdiyi son hərəkətlər də, fikrimcə, məhz bu bəd niyyətlərdən irəli gəlir".
Rüfət SULTAN
http://www.baki-xeber.com/new/2010/02/25/get=40992