“SEÇKİLƏRDƏ İŞTİRAK ETMƏK ƏHVAL-RUHİYYƏSİNDƏYİK”

8/18/2007


İsa Qəmbər: “Azad seçki keçirilsə, xalqın öz prezidentini seçməsində problem olmayacaq”



Müsavat Partiyası 2008-ci il prezident seçkiləri ilə bağlı qərarları payızda verəcək. Bu barədə APA-ya müsahibəsində Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. Prezident seçkilərində namizədliyini verib-verməyəcəyi barədə suala konkret cavab verməyən Müsavat başqanı deyib ki, partiyanın rəhbər orqanları bununla bağlı qərarı da payızda verəcək.
Seçkilərdə iştirak əhval-ruhiyyəsində olduqlarını deyən İ.Qəmbər bildirib ki, rəhbəri olduğu qurum seçki qanunvericiliyinin təkmilləşdirilməsini, seçki komissiyalarının paritet əsaslarla təşkilini, seçki mühitinin demokratikləşdirilməsini tələb edir: “İndiki mərhələdə biz seçkilərdə iştirak əhval-ruhiyyəsindəyik. Sonrakı mərhələdə hansı qərarları qəbul edəcəyimizi isə zaman göstərəcək”. Bəzi müxalifət təmsilçiləri tərəfindən seçkilərdə konkret partiya rəhbərinin deyil, cəmiyyətdə hamı tərəfindən qəbul edilən namizədin dəstəklənməsi barədə səslənən ideyalara münasibət bildirən Müsavat başqanı deyib ki, bu yöndə istənilən variantlar müzakirə edilə bilər: “Ancaq heç kim unutmamalıdır ki, ən önəmli məsələ seçkilərin azad və ədalətli keçirilməsidir. Seçkilər azad və ədalətli keçiriləcəksə, xalqın öz prezidentini seçməsində problem olmayacaq”. Müxalifət partiyalarının fəaliyyətsizliyi barədə səslənən fikirləri bölüşməyən İsa Qəmbər yay aylarında başqa fəaliyyət sahələrində də fəallıq müşahidə olunmadığını diqqətə çatdırıb: “Yay fəallığın nisbətən azaldığı dövrdür. Bu isə öz növbəsində bu və ya başqa ölçüdə siyasi proseslərə də təsir edir. Müsavat planlı şəkildə öz fəaliyyəti ilə məşğuldur”. “Seçkilərlə bağlı müxalifətin birliyinin yaranması istiqamətində danışıqlar aparılırmı” sualına Müsavat başqanı belə cavab verib: “Hansı qüvvələrin birləşməsinə ehtiyac və zərurət varsa, həmin qüvvələr birləşəcək. Hər bir seçki konkret zaman kəsiyində baş verir. Həmin zaman kəsiyində müxalifətin fəaliyyətində bu və ya digər addımların atılması zərurəti ortaya çıxır. Bu mərhələnin də tələbləri nə olacaqsa, ona uyğun addımlar atılacaq, əməkdaşlıq formaları reallaşacaq”. İ.Qəmbər sabiq səhiyyə naziri Əli İnsanovun Müsavat Partiyasına üzvlük üçün müraciət etməsi barədə yayılan məlumatların əsasının olmadığını bəyan edib. “Bizə belə bir müraciət olmayıb” deyən İ.Qəmbərin sözlərinə görə, istənilən Azərbaycan vətəndaşının üzvlüklə bağlı müraciəti partiyada kollegial qaydada müzakirə edilə bilər. Partiya rəhbərinin “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ona təsisçilikdən imtinanı təklif etməsi və onun bu təkliflə razılaşması barədə məlumata münasibəti belə olub: “Hər hansı təklifə ehtiyac yoxdur. Mən ”Yeni Müsavat" qəzetinin təsisçiliyini 1993-cü ilin əvvəllərində qəbul edəndə də bildirmişəm ki, nə zaman qəzet təsisçisini dəyişmək, yaxud təsisçisiz fəaliyyət göstərmək istəsə, həmin anda bu məsələ həll oluna bilər. Burada elə bir problem yoxdur".
APA

.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007