APA-nın imzalanma mərasimini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, bunlar Azərbaycan və İran prezidentlərinin birgə Bəyanatı, Bakı-Naxçıvan-Bakı avtobus xəttinin açılışını nəzərdə tutan anlaşma Memorandumu, Azərbaycan və İranın Culfa məntəqələri arasında avtomobil körpüsünün inşa edilməsi ilə bağlı anlaşma Memorandumu, Naxçıvan Muxtar Respublikasındakı Ordubad və İran İslam Respublikasının Mərazad bölgəsində su elektrik stansiyalarının tikintisinə dair Anlaşma Memorandumu, iki ölkə hökuməti arasında Şahtaxtı və Poldəşt sərhəd–keçid məntəqələrinə beynəlxalq status verilməsi haqqında Memorandum.
İmzalanma mərasimindən sonra iki ölkənin prezidentinin birgə mətbuat konfransı olub. Azərbaycan prezidenti İlham Əliyev İran prezidentinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm təsir edəcəyini söyləyib. Prezidentin sözlərinə görə, iki ölkə arasında münasibətlər uğurla inkişaf edir. Ölkə başçısının sözlərinə görə, 2007-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi artsa da, bu qaneedici deyil. Azərbaycanın dövlət başçısı İranın Dağlıq Qarabağ problemlərinin həllinə yanaşmasının ədalətli olduğunu, İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin Azərbaycan üçün çox önəmli olduğunu vurğulayıb.
Öz növbəsində Mahmud Əhmədinejad da iki ölkənin tarixi, mədəni, dini bağlılığından danışaraq, əlaqələrin indiki səviyyəsindən razı olduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı İranın mövqeyini bir daha xatırladıb. İran prezidenti ölkəsinin Azərbaycanla iqtisadi-ticari münasibətlərinin yetərincə olmadığını, bunun artırılması üçün potensial olduğunu da söyləyib. /APA/