Əli Kərimli: «Azadlıq» bloku daha böyük mübarizələr əzmindədir»
(Əvvəli ötən sayımızda)
- Boykotun əleyhinə olanlar hesab edirlər ki, seçkilərə qatılmamaq cəmiyyətdə pessimizm yaradacaq. Seçkini boykot etmək istəyənlər özləri pessimist əhval-ruhiyyədədirlər...
- Biz pessimist olsaydıq, 2005-ci ildə aldığımız mandatları götürüb, başqaları kimi gedib parlamentdə oturardıq, qarşımıza böyük mübarizə məqsədləri qoymazdıq. Necə pessimist ola bilərik ki, camaat parlamentdə təmsil olunmaqdan ötrü nələrdən keçir. Hamının gözü önündə tərcümeyi-halının üstündən xətt çəkirlər, keçdikləri on illik mübarizə yolundan, əvvəllər önəm verdikləri dəyərlərdən imtina edirlər, amma biz “Azadlıq” blokunun liderləri olaraq halalca mandatımızdan imtina edirik. Deməli, biz daha böyük mübarizələr əzmindəyik. O cümlədən müxalifət üçün də daha yaxşı nəticələr əldə etmək üçün mübarizə aparmaq niyyətindəyik. Bizim pessimist əhval-ruhiyyədə olmağımızdan söhbət gedə bilməz. Bəlkə müxalifət düşərgəsində özünü tükətmiş adamlarda bu pessimizm ola bilər, bunu normal qəbul edirəm. Amma bu, “Azadlıq” blokuna aid deyil. Bir qayda olaraq pessimistlər aza qane olurlar, reallıqla barışırlar. Onlar anlayırlar ki, apardıqları mübarizə ilə bundan artığını əldə edə bilməyəcəklər. Məncə bu nöqteyi nəzərdən baxanda kimin pessimist, kimin isə optimist və mübariz olduğunu görə bilərik. “Azadlıq” bloku bu vəziyyətlə barışmırsa, həmin bu mübarizənin indiki mərhələsində əldə olunmuşları Azərbaycan müxalifətinə yaraşdırmırsa, daha böyük iddialarla, daha böyük ideyalarla meydanlardayıqsa, bizim pessimizliyimizdən söhbət gedə bilməz. Əksinə, hesab edirik ki, həmişə xalqda pessimizmi aldadılmaq yaradır. Mən də qəbul edirəm ki, cəmiyyətimizin bəlli bir kəsimində pessimizm var. Açıq danışmaq lazımdır ki, bu pessimizmin səbəbləri sırasında bəzən hakimiyyətin zorakı siyasəti, beynəlxalq təşkilatların bir çox hallarda nümayiş etdirdiyi prinsipsizlik dayanırsa, müəyyən hallarda da cəmiyyətdə bu hissi müxalifətin bəzi qanadları tərəfindən yersiz, yalançı vədlərin verilməsi və son nəticədə insanların ümidlərini doğrultmaması yaradıb. Insanlara yalandan “mən bunu edəcəyəm”, “mən buna imkan verməyəcəyəm”, “siz ora gəlin, mən qalanını edəcəyəm” və sair bu tipli vədlər verəndə və əlbəttə ki, sonradan onlar həyata keçməyəndə müxalifət tərəfdarlarında müəyyən pessimizm yaradır. Xalqla açıq danışmaq lazımdır.
“Azərbaycanda geridə qalmış diktatura yaradılır”
- Sizcə, yaranmış vəziyyətdə hansı addımları atmaq lazımdır?
- Bizim bu gün apardığımız siyasət acı da olsa xalqla gerçəkləri açıb, danışmaqdan ibarətdir. Xalqımız bilməlidir ki, onun dövlət başçısının tez-tez çox dil bilməsiylə öyünməsinə baxmayaraq, bu gün Azərbaycanda dünyanın ən geridə qalmış diktaturalarından birini yaradır. Bu gün dünyada Azərbaycanla müqayisə edilə biləcək ölkə çox az qalıb. Uzun müddət vətəndaş müharibəsi içərisində olan Siera-Lionedə də cəmi bir neçə il bundan qabaq seçki demokratik keçirildi. Hətta 2002-ci ilə qədər vətəndaş müharibəsi içərisində üzən Şərqi Timorda da seçki demokratik keçirildi. Hətta Kubada da son bir ildə siyasi məhbusların sayı 20 faiz azalıb. Bu gün təssəvür edin ki, Fələstinlə Livanda da seçki demokratik keçirilir. Dünyada bu cür proseslər getdiyi halda Azərbaycanda demokratiya adına olan hər şeydən imtina olunur. Xalq bu reallığı açıq bilməlidir. Azərbaycanda elə bir rejim formalaşıb ki, o, xalqın qutulardakı səsini saymaq, heç kimlə hesablaşmaq fikrində deyil. Ümumiyyətlə, müxalifətin varlığını belə qəbul etmək istəmir. Ona müxalif fikir söyləyən hər kəslə hesab çürütmək, bütün tənqidi düşüncələri məhv etmək fikrindədir. Azərbaycanda 21-ci əsrin qəddar diktaturası qurulmaqdadır. Amma bütün bunlara rəğmən Azərbaycanda çox mübariz bir müxalifət var. Bu ölkədə belə qəddar rejimin hələ özünə tabe edə bilmədiyi, rejimin oyunlarında iştirak etməkdən imtina etməyə cəsarəti çatan bir müxalifət var. Amma eyni zamanda xalq onu da bilməlidir ki, ölkənin taleyini yalnız bu insanların ümidinə buraxsaq, onlar əlbəttə tükənərlər, qırılarlar, həbs olunarlar. Ölkənin taleyini yalnız bu adamlar qurtara bilməz. Bu adamlara dəstək vermək lazımdır. Millət dayanmalıdır bu adamların arxasında. Çəkinmədən öz imtiyazlarından, vəzifələrdən, böyük maddi nemətlərdən imtina edən, özlərini, qohumlarını, ailə üzvlərini daim riskə salan bu adamların haqqı var ki, xalqdan adekvat dəstək görsünlər. Xalq elliklə hamılıqla ifadə elməsə ki, o, 21-ci əsrin bu mənfur diktaturasını qəbul etmir, o halda yalnız müxalifət liderlərinin gündə bir vəd verərək “sizin işiniz yoxdur, demokratiyaya mən nail olacam” vədləri heç zaman reallaşa bilməz. Bu yalnız xalqın ruhdan düşməsinə gətirib çıxara bilər. Ona görə də xalqla açıq danışmaq lazımdır. Açıq söhbət isə heç zaman pessemizm yaratmır. Pessemizmi yalnız o yaradır ki, xalqın inanıb arxasınca getdiyi qüvvələr hansısa praqmatik maraqlarına görə, vədlərindən, mövqelərindən, siyasi baxışlarından, prinsiplərindən imtina edirlər. Dünən bir söz deyən qüvvələr, bu gün başqa mövqedə olmalarını, fəxrlə dəyişmək kimi təbliğ etmələrindən xalq ruhdan düşə bilər. Amma xalqa açıq söhbət edəndə ki, qarşımızda bu çətinliklərin olmasına baxmayaraq, biz üzərimizə düşəni yenə də etməyə hazırıq, bu məhrumiyyətləri yenə də yaşamağa, mübarizənin önündə getməyə hazırıq, amma gərək xalqda üzərinə düşəni etsin, bu açıq söhbətin xalqımızın aktiv mövqe tutmasına köməyi ola bilər.
“Hökumətə təslim olmayan qüvvələr hələ də qalıb”
- Ümumiyyətlə, belə bir fikir də var ki, seçki şəraiti dəyişməyəcəyi təqdirdə seçkini boykot etmək çıxış yolu deyil. Çünki bu addım saxta hakimiyyətin formalaşmasının qarşısını almır. Sizcə seçkidə iştirak etməmək müxalifətə nə verə bilər?
- Bir məqam təəssüf doğurur. Guya, bəzi adamlar bilmirlər ki, biz boykotu nəysə əldə etməkdən ötrü etmirik. Onlar yaxşı bilirlər ki, biz seçkini boykot edəndə heç nə əldə etmirik. Çox təəssüf ki, boykotla nəsə əldə etmək imkanı yoxdur. Amma nələrisə verməmək imkanı var. Əgər ölkədəki siyasi situasiya normal seçkiyə imkan verəcəksə, biz seçki prosesinə qatılacağıq. Digər halda isə iki variant mümkündür. Ən pis ssenari baş verib. Yəni bizim səylərimiz nəticə verməyib və seçki ərəfəsində də ölkədəki indiki vəziyyət davam edir. Belə olan halda müxalifət seçki prosesində iştirak edir, onun hər yerdə hüquqlarını əlindən alırlar, təbliğat aparmağa imkan vermirlər. Seçkidən sonra da böyük bir repressiya həyata keçirilir və növbəti dəfə də beynəlxalq təşkilatlar deyirlər ki, Azərbaycanda demokratiya istiqamətində daha bir addımı atıldı, müxalifət seçkidə iştirak etdi. Bu Azərbaycan cəmiyyətində hansı depressiyanı yarada bilər? Yaxud ikinci variantda biz anlayırıq ki, ölkədəki vəziyyəti bu mərhələdə hələ dəyişə bilməmişik, amma heç olmasa ona gücümüz çatır ki, biz bu hökumətin yaramaz oyunlarında oyunçu kimi iştirak etmirik. Azərbaycan xalqı görür ki, onun səmimi, bu mübarizədə bütün işləri görə bilən, ancaq gücü çatmayanda da hökumətə saxtakarlıqda kömək etməyən bir müxalifəti var. Deməli, bu müxalifəti gücləndirmək lazımdır ki, onun diktatura maşınını dayandırmağa gücü çatsın. Amma bir də var ki, xalq düşünsün ki, bu adamlar eyni ssenarini hər dəfə nəyə görə keçirlər? Ya bu adamlar eyni vəziyyətə düşmələrindən, təhqir olunmalarından, səslərin xalqın əlindən alınmasını özlərinə peşə ediblər. Yaxud da bu adamlar hökumətin siyasətinin iştirakçılarıdırlar. Onlar istəmirlər ki, bu hökumət beynəlxalq təşkilatların qarşısında biabır olsun. Məncə, ikinci variantda seçkiylə bərabər müxalifətin də itrilməsindən söhbət gedir. Bu nə deməkdir? Müxalifət ən azı öz elektoratının gözü qarşısında prinsipsizləşir. Bu cəmiyyətdə daha böyük pissimizm yarada bilər ki, nəinki demokratik yolla hakimiyyəti dəyişmək mümkündür, hətta sən demə bu ölkədə hökumətin oyun qaydalarına boyun əyməyən qüvvə də yoxdur. Bu daha böyük pessemizm və daha uzun müddətli əsarət üçün əsas yarada bilər. Ona görə də hesab edirəm ki, bu şərait daxilində hər şeyi etməliyik ki, vəziyyəti dəyişək. Amma prinsip etibarı ilə bunu bacarmaya da bilərik və burada qəbahətli heç nə yoxdur. Çünki hakimiyyət bizimlə ordunun, polisin, xüsusi təyinatlıların dilində danışır. Biz isə 21-ci əsrin müxalifəti olaraq demokratiya dilində danışırıq. Biz fərqli-fərqli dillərdə danışdığımız üçün bir-birimizi anlamırıq. Və mümkündür ki, biz Azərbaycan hakimiyyətini ən azı indiki mərhələdə həmin o demokratiya standartlarına uyğunlaşdıra bilmərik. Amma o zaman heç olmasa biz gərək hökumətin oyununun iştirakçısı olmayaq. Biz sifətimizi, prinsiplərimizi, Azərbaycan xalqının ümid yerini itirməməliyik. Xalq bilməlidir ki, hökumətin yaratdığı reallıqlarla barışmayan, onları dəyişmək uğrunda mübarizə aparan, bu hökumətə təslim olmayan qüvvələr qalıb.
“ABŞ və Avropa Birliyi dünyada demokratiyanın inkişafında maraqlıdır”
- Beynəlxalq birliyin Azərbaycanda baş verənlərə münasibəti cəmiyyətdə belə bir fikir yaradıb ki, Qərb və ABŞ təhlükəsizlik və iqtisadi maraqlarına görə, ölkəmizdəki avtoritar hakimiyyətin mövcudluğuna dözür. Bu fikir isə öz növbəsində müxalifətin fəaliyyətinə təsirsiz ötüşmür. Sizcə yaranmış şəraitdə demokratik qüvvələr nə etməlidir?
- Kimin nə tənqidi fikirlərinin olmasından asılı olmayaraq, bir məqamı anlamaq lazımdır ABŞ və Avropa Birliyi dünyada demokratiyanın inkişafında, insan hüquqlarının təmin olunmasında, hüququn aliliyində maraqlıdır. Amma eyni zamanda bunu da etiraf etmək lazımdır ki, hələ dünyada bu standartlardan uzaq olan xeyli dövlət var. “Freedom Hause”nin son hesabatına görə, dünyada hələ 49 azad olmayan ölkə var. Indi birdən-birə həmin bu beynəlxalq güclər həmin o, 49 dövlətin hamısına qarşı eyni zamanda sanksiyalar tətbiq edə bilməzlər. Demək onların konkret, gündəlik, real, praqmatik maraqları da var. Deməli, ikinci bilməli olduğumuz məsələ də bundan ibarətdir ki, ABŞ və Avropa Birliyi dünyada demokratiyanı özlərinin iqtisadi və təhlükəsizlik maraqlarına ziyan vurmadan yaymaq fikrindədirlər. Ona görə də bu dövlətlər zaman-zaman prioritetlər müəyyənləşdirirlər. Dünya daha hansı diktaturadan ilk növbədə xilas olunsun? Çünki 90-cı illərin əvvələrində Avropanın mərkəzində 100 minlərin ölümünə bais olan Miloşeviç haqlı olaraq bu siyahıda önə keçdi. Şimali Koreya rəhbəri Kim Çen Ir də diktator olsa da o, 100 minləri qırmamışdı. Miloşeviç Haaqa tribunalının qərarı ilə həbs edildi və elə həbsdə də dünyasını dəyişdi. Miloşeviçdən sonra bu siyahıda növbə Səddam Hüseynə çatdı və o, bəlkə daha aşırı formada olsa belə cəzasını aldı. Vəziyyətin belə olduğunu görən Koreya diktatoru geri çəkilməyə başladı. Kuba da ciddi dəyişikliklər ərəfəsindədir. Deməli, azad olmayan ölkələrin siyahısı günü-gündən azalmağa doğru gedir. Elə bir vəziyyət yaranıb ki, artıq dünyada diktaturalar yaranmır. Ancaq keçmiş diktatorların övladları bəzi yerlərdə vərəsəlik yolu ilə hakimiyyətlərini saxlayırlar.
“Son seçkilər göstərdi ki, xalq dəyişikliyə hazırdır”
- Bəs beynəlxalq güclərin prioritetləri Cənubi Qafqaz regionunda necə müəyyənləşib?
- Beynəlxalq güclərin o cümlədən Azərbaycanın yerləşdiyi regionla bağlı da öncəlikləri var. Bu öncəliklərin içərisində konkret olaraq Iranın “nüvə dosyesi” məsələsi var. Hazırda beynəlxalq güclər üçün əsas faktor Iranın nüvə silahından imtinasına nail olmaqdır. Iranda baş verən hadisələr həmin güclər üçün nəinki Ilham Əliyevin, hətta Özbəkistanda Islam Kərimovun Əndicanda elədikləriylə müqayisədə daha önəmlidir. Həmin o beynəlxalq güclərin gündəmində Azərbaycanda demokratiyanın qələbəsinə nail olmaq ən prioritet məsələlərdən biri deyil. Hətta Pakistandada demokratiyanın inkişafı həmin Qərb dövlətlərinin qarşısına daha labüd məsələ kimi çıxır. Amma bu bölgələrdə demokratiyanın taleyinin bizim yerləşdiyimiz regiona nisbətən önə çıxması o demək deyil ki, Azərbaycanda da demokratikləşmə baş verməyəcək. Biz ölkənin daxilində çalışmalıyıq ki, daha çox sayda azərbaycanlı 21-ci əsrdə xalqın malını göyə sovuran bir hökuməti özünə layiq bilməsin. Eyni zamanda biz beynəlxalq birliyin də diqqətinə çatıdırmalıyq ki, azərbaycanlılar demokratik dəyişikliklər üçün siyahının ön hissəsində ola bilərlər. Bizim 2003, 2005-ci il seçkilərində Azərbaycan xalqının etdikləri onu nümayiş etdirib ki, bizim xalq da demokratik dəyişikliklərə hazırdır. Belə bir şəraitdə biz optimal bir vəziyyəti yaxalayacağıq ki, ölkənin daxilində xalq bu cür şəraitdə yaşamaq istəmədiyini açıq şəkildə bəyan etməklə yanaşı, eyni zamanda dünya birliyi də azərbaycanlıların da “insan kimi yaşamaq haqları tanınmalıdır” qənaətinə günün birində gələcək.
- Bu günlərdə Qazaxıstanda keçirilən parlament seçkisi nəticəsində ölkədə tək partiyalı parlament formalaşdırıldı. Sizcə Azərbaycanı belə bir təhlükə gözləyirmi?
(Ardı var)
Xəyal Şahinoğlu