Yaşar Həkkakpur: "Bu cür təzyiqlərlə İran hakimiyyəti istədiyinə nail ola bilməyəcək"
Ağrı Qaradağlı: "Hansısa milli fəal televizora çıxıb nəyisə “etiraf” etsə belə, millətimiz buna ciddi yanaşmayacaq"
Cavidan Elbars: "Vaxtilə Şəriətmədarinin özünü də televiziyaya çıxarıb yalançı etirafa məcbur etmişdilər"
Turqut
Hazırda Güney Azərbaycan Milli Hərəkatının 17 fəalı iki aya yaxındır "Ettellat"ın təkadamlıq kameralarında saxlanılır. Özü də artıq İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparanların təkcə özlərinin deyil, həm də ailə üzvlərinin, xüsusilə də onların həyat yoldaşlarının zindana düşməsi intensivləşib. Milli fəallara verilən işgəncələrin əvvəlki illərdəki kimi, effektli olmadığını görən fars şovinist rejimi indi də bu üsulla həbsxanalardakılardan istədiyi ifadəni almağa çalışır. Bu vasitə həm də həbsdəkilərin azadlıqda olan ailə üzvlərini təzyiq altında saxlamağı asanlaşdırır. Eyni zamanda Milli Hərəkatın güclənməsindən təşviş keçirən Tehran rejimi bunun qarşısını almaq üçün azərbaycanlı məhbusları televiziyaya çıxarıb yalan etiraflar verməyə məcbur etmək istəyir. Bu da fars şovinist rejiminin köhnə vərdişidir.
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü, hüquq müdafiəçisi Yaşar Həkkakpur deyir ki, soydaşlarımız milli kimlik uğrunda mübarizə apardığına görə həbs olunub. İranda belə adamlar həbsə salındıqda bir müddət onlarla görüşə icazə verilməməsi də təsadüfi deyil: "İranın cəza qanunlarının 128-ci maddəsinin bəndlərindən birində deyilir ki, təhqiqat mərhələsində müttəhimin ailəsi, yaxud vəkililə görüşməsinə icazə verilməyə bilər. Dəfələrlə tutulub ailəsi və vəkili ilə görüşməyə bir neçə ay icazə verilməyən milli fəalların işgəncəyə məruz qalması müşahidə olunub. Məsələn, Səid Mətinpur 9 ay Evin həbsxanasında olduğu müddətdə ailəsilə danışmağa izn vermədilər. Bu müddətdə "Ettelaat"a həmin adamların ittihamları zorla üzərlərinə götürtmək üçün şərait yaranır və onlardan işgəncə altında ifadə alırlar. Buna görə də bəzən hətta bir neçə ay görüşə icazə verilmir. İran qanunvericiliyi saxlanılan adamla belə rəftar üçün imkan yaradır və təhqiqat zamanı zindanda olan şəxsin vəkillə təmin olunmaması da qanunla yolveriləndir". Onun sözlərinə görə, İranda həbs olunanların ailə üzvlərinə bu barədə mediaya danışmaq, beynəlxalq təşkilatlarla əlaqə saxlamaq yasaqlanır. Hadisəylə bağlı məlumat yaymaması üçün insanlara təzyiqlər, təhdidlər edilir. Elə bu səbəbdəndir ki, bir çoxlarının ailə üzvləri danışmaqdan çəkinir. ADAPP sözçüsü bildirir ki, bu cür təzyiqlərlə İran hakimiyyəti istədiyinə nail ola bilməyəcək. Çünki onlar bir təşkilat olaraq bu ölkədə baş verənlər, fəaliyyətinə görə azadlıqdan məhrum edilən hər bir azərbaycanlı barədə beynəlxalq qurumları və dünya mediasını mütəmadi məlumatlandırırlar.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Azərbaycan Respublikası üzrə təmsilçisi Ağrı Qaradağlı vurğulayır ki, tutulanların heç birinə yaxınlarıyla nə görüş, nə də telefon bağlantısı verilmir. İndi də rejim həbs olunanların həyat yoldaşlarını tutmaqla milli kimliyi uğrunda mübarizə aparanları sındırmaq istəyir: "Məsələn, milli fəal Ayət (Yürüş) Mehrəlibəylinin həyat yoldaşı Zəhra Fərəczadə artıq 20 gündən çoxdur həbsdədir və heç kimlə hər hansı formada əlaqə saxlamasına imkan verilmir. Son zamanlar Milli Hərəkat daxilində böyük gəlişmələr və belə desək Təbrizdə, başqa şəhərlərdə, ümumilikdə Güney Azərbaycanda bəzi birləşmələrə doğru gedən insanlar var idi. Bunlar da, ümumiyyətlə, 1994-1995-ci illərdə hərəkatın özəyini qoyan şəxslər idi. Həmin bu adamlar iki aydan çoxdur tutulub içəridə saxlanılır. Bu isə birləşmənin qarşısını almaq üçün təzyiqlərlə həmin şəxsləri bəzi "etiraflar"a məcbur etmək məqsədi daşıyır. Yürüş Mehrəlibəylinin həyat yoldaşını da ona görə saxlayıblar ki, ona təzyiq göstərib hətta televiziyaya çıxarmaqla bəzi "etiraflar" etdirsinlər". Xatırladaq ki, Yürüş Mehrəlibəylini "Ettelaat" əməkdaşları mayın 10-da Təbriz yaxınlığında həbs edib. Onun həyat yoldaşı Zəhra Fərəczadə isə iyunun ortalarında məhbus həyat yoldaşının durumunu öyrənmək üçün Təbriz İnqilab Məhkəməsinin dördüncü şöbəsinə müraciət edərkən tutulub. Ağrı Qaradağlı bildirir ki, İran rejiminin yeni üsullarla nəyəsə nail olması mümkün deyil: "Hətta bu və digər milli fəalların hansısa biri çıxıb televizorda nəyisə “etiraf” etsə belə, millətimiz buna ciddi yanaşmayacaq. Çünki indi İranda hamı belə "etirafların" nəyə görə və niyə edildiyini yaxşı bilir".
"Güney Azərbaycan" dərgisinin baş redaktoru Cavidan Elbars deyir ki, bu üsuldan istifadə Tehran rejiminin köhnə şakəridir: "Bu məsələlər əvvəllər də olub. Məsələn, İranda İslam inqilabının əsas memarlarından biri olan ayətullah Şəriətmədari azərbaycanlıların lideriydi və soydaşlarımız məhz onun ətrafında birləşmişdilər. Ancaq şah rejimi yıxıldıqdan və mollalar hakimiyyətə gəldikdən sonra Şəriətmədari hərəkatına qarşı münasibət dəyişdi. Çünki inqilabdan əvvəl daha çox "Rusiyaya ölüm!" şüarı gündəmdəydi. Ancaq inqilabdan sonra bu şüar "Amerikaya ölüm!"lə əvəzləndi. 1945-ci ildə Pişəvəri hərəkatına ruslar dəstək vermişdi. Fars şovinistləri Şəriətmədari hərəkatını da SSRİ-yə bağladı və azərbaycanlılara rusların dəstək verdiyini iddia etdilər. Bundan sonra soydaşlarımıza divan tutuldu, Şəriətmədarinin özü televiziyaya çıxarıldı, o, təzyiq və işgəncələrin nəticəsi olaraq ölkədə qarışıqlıqların yaranmasında "günahkar" olduğunu ağlayaraq etiraf etdi. Bundan sonra azərbaycanlıların arasında ona münasibət mənfi mənada çox dəyişdi. Yəni fars şovinistləri situasiyadan yararlanaraq, hərəkata böyük zərbə vurdu". Onun sözlərinə görə, indiki durumda Tehran rejiminin belə bir üsula əl atması gözlənilən deyil: "Çünki fars şovinistlərinə sərf eləmir. Düzdür, yerli mətbuat vasitəsilə məhdud şəkildə edə bilər. Ancaq televiziyaya çıxarması mümkün deyil. Bu, Milli Hərəkatın xeyrinə olacaq. Çünki millətimiz arasında mərkəzi hakimiyyətə qarşı inamsızlıq çoxalıb və belə şeylərə ciddi yanaşan deyillər".
http://www.xalqcebhesi.az/news.php?id=15145