Xəzər regionunun neft və qaz ehtiyatlarının Avropanın enerji təminatında rolu araşdırılır

6/4/2008


Bakıda XV Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası (Caspian Oil & Gas) beynəlxalq sərgisi çərçivəsində "Xəzər regionunun neft və qaz ehtiyatlarının Avropanın enerji təminatında rolu" mövzusunda ikigünlük konfrans işə başlayıb



Bakıda XV Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası (Caspian Oil & Gas) beynəlxalq sərgisi çərçivəsində "Xəzər regionunun neft və qaz ehtiyatlarının Avropanın enerji təminatında rolu" mövzusunda ikigünlük konfrans işə başlayıb.

   "APA-Economics"in məlumatına görə, konfransın açılış mərasimində çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, konfrans 15 ildir keçirilir və bu müddət ərzində Azərbaycanda böyük dəyişikliklər baş verib: "Bu gün Xəzər regionunda müəyyən siyasi problemlər yaşanır ki, bu konfrans həmin problemlər fonunda siyasətimizi korrektə etməyə imkan verir. Xəzər regionu nəhəng neft və qaz ehtiyatlarına malikdir və bu ehtiyatlar Fars körfəzindəki ehtiyatlarla müqayisə ediləcək səviyyədədir". N.Əliyevin sözlərinə görə, Avropa Xəzər regionunun enerji resursları üçün böyük bazardır.

   Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Diqbi Cons bildirib ki, Azərbaycanda 2005-ci ildən başlayaraq iqtisadi artım yüksək sürətlə davam edir. Azərbaycan Avro-Atlantik məkana inteqrasiya olunur və ölkənin enerji resursları Avropa üçün böyük əhəmiyyətə malikdir. Nazir qeyd edib ki, Britaniya Xəzər regionunda həyata keçirilən enerji layihələrini dəstəkləyir. D.Consun sözlərinə görə, Avropanın qaz idxalı 2015-ci ildə 160 mlrd. kubmetrə, 2030-cu ildə isə 260 mlrd. kubmetrə çatacaq.

   ABŞ-ın dövlət katibi müavininin köməkçisi Metyu Brayza isə çıxışında bildirib ki, rəsmi Vaşinqtonun Azərbaycan və Xəzəryanı ölkələrin transformasiyası ilə bağlı öz maraqları var: "Neft gəlirlərinin idarə edilməsində Norveç modelindən istifadə edən Azərbaycan irəliləyişə nail olub. Həmçinin, Azərbaycan Xəzər regionunda açıq bazarın yaradılması istiqamətində mühüm addımlar atıb".

   M.Brayza qeyd edib ki, Rusiyanın "Qazprom" şirkəti Avropada təbii qazı istədiyi qiymətə satır və bu, azad bazar prinsiplərimizə ziddir: "Buna görə də, digər mənbələr tapılmalı, təchizat artırılmalıdır. Lakin Rusiya ilə rəqabətə girmək Azərbaycan üçün çətinlik yaradacaq".

   Tədbirdə Türkiyə Təbii Ehtiyatlar və Energetika Nazirliyi aparatının başçısının müavini Yusuf Yazar və Bolqarıstanın iqtisadiyyat və energetika naziri Tetar Dmitro çıxış edib və Xəzəryanı regionun Avropanın enerji təminatında rolu barədə fikirlərini bildiriblər.

   Qeyd edək ki, iyunun 3-6-da keçirilən sərgi-konfransın təşkilatçıları rolunda Böyük Britaniyanın "İTE Group Plc." sərgi şirkəti və onun həmkarları olan "İteca Caspian LLC" (Azərbaycan), "İTE Moscow LLC" (Rusiya), "İteca Pars" (İran), EUF (Türkiyə) və GİMA (Almaniya) şirkətləri, habelə Azərbaycan Ticarət və Sənaye Palatası çıxış edir. Rəsmi dəstək Azərbaycan Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən göstərilir. Tərəfdaşlar arasında isə "Azercell", "MBASK", "Sinam", "Caspian Travel" kimi şirkətlər var. Sərgi-konfrans iyunun 6-da başa çatacaq.


.



Kaynak : apa




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007