ƏBÜLFƏZ ELÇİBƏYİN PREZİDENT SEÇİLMƏSİNDƏN 16 İL ÖTDÜ

6/8/2008


Arif Hacılı: “7 iyun seçkisi Azərbaycan tarixində ən demokratik seçkidir”



70 il Sovet imperiyasının işğalı altında yaşamış Azərbaycan nəhayət ki, 1991-ci ildə yadelli əsarətindən xilas oldu. İstiqlalına qovuşan xalq 1992-ci il iyunun 7-də ikinci prezident seçkisini keçirdi və Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy qalib gəldi. Həmin tarixdən 16 il keçir. Müsavat Partiyası Mərkəzi İcra Aparanının rəhbəri, həmin dövrdə xalq Hərəkatının fəal üzvü olmuş Arif Hacılı bizimlə söhbətində 1992-ci ilin prezident seçkilərində iştirak edən bütün tərəflərə bərabər imkanların verildiyini söylədi: “Prezidentliyə namizədlərin televiziya vasitəsilə uzun müddət çıxış etmək imkanları var idi. Namizədlər respublika ərazisində kütləvi aksiyalar keçirirdilər. Bakı şəhərinin heç bir meydanı, eləcə də ”Azadlıq" meydanı mitinqlər üçün bağlı deyildi.
AXC-nin namizədi Əbülfəz Elçibəy seçicilərin 59 faizinin səsini qazanmaqla qalib gəldi. O vaxtadək Azərbaycanda kifayət qədər populyar olmayan, amma kifayət qədər uğurlu seçki kampaniyası aparmış, xüsusilə də televiziya vasitəsilə çıxışlarından uğurla istifadə etmiş Nizami Süleymanov seçkilərdə 30 faizdən çox səs toplayaraq ikinci oldu".
Müsahibimiz Əbülfəz Elçibəyin andiçmə mərasiminin parlamentdə keçirildiyini söylədi: “O günü çox yaxşı xatırlayıram. Əbülfəz Elçibəyin çiynindən üzərində üçrəngli bayrağımızı əks etdirən lent asılmışdı. Parlamentin sədri İsa Qəmbər, spkerin müavinləri Tamerlan Qarayev və  Afiyəddin Cəlilov tribunada idilər. Millət vəkilləri və respublikanın yüksək vəzifəli şəxsləri də daxil omaqla hamımız andiçmə mərasimində iştirak edirdik”.
A.Hacılı Əbülfəz Elçibəyə ilk təbrikin hansı dövlət tərəfindən göndərildiyini xatırlamadığını söylədi: “Amma həmin dövrdə bizimlə münasibətə ilk reaksiya göstərən Türkiyə idi. Yəqin ki, ilk təbrik məktubu da Türkiyədən gəlib.”
A.Hacılı həmin seçkilər keçirilərkən ölkədə vəziyyətin necə olması barədə də danışdı: “Seçki kampaniyası ağır döyüş əməliyyətları dövrünə təsadüf etmişdi. Azərbaycanın əraziləri işğal olunurdu. O dövrdə Ayaz Mütəlibovun yenidən hakimiyyətə gətirilməsinə cəhd göstərilirdi. Bakı şəhərinin və bir çox rayonların küçələrində silahlı dəstələr var idi. Küçələrdən tez-tez güllə səsləri gəlirdi. Amma bunlara baxmayaraq, 1992-ci il mayın 18-də Müsavat başqanı İsa Qəmbər Ali Sovetin sədri seçilib səlahiyyətlərini icra etməyə başladığı gündən sonra qısa müddət ərzində ölkədə müəyyən stabillik yaratmaq və başıpozuq siyasi dəstələri zərərsizləşdirmək mümkün oldu. Bunun nəticəsində də seçki günü hər hansı təxribat törədilmədi və seçkilər kifayət qədər azad keçirildi. Həmin seçki Azərbaycan tarixində ən demokratik seçkidir”.
Leyla İLQAR

.



Kaynak : musavat




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007